21 noyabr 2022, 15:40

İlya Zençenkodan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illərdə məhz Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə inkişaf etməkdədir. Baptistlər də digər konfessiyaların nümayəndələri kimi bu inkişafdan öz bəhrələrini almaqdadırlar. Vətən müharibəsində qazanılmış Zəfər bizim icmamızın üzvləri tərəfindən sevinclə qarşılanmışdır. Həmçinin müharibədən sonra işğaldan azad edilmiş ərazilərdən gələn görüntülər bizi kədər hissinə qərq etmişdir. Erməni vandallarının sadə əhalinin yaşadığı şəhər və kəndləri, mədəniyyət abidələrini, dini binaları dağıntılara məruz qoyması onların sülhdən və sevgidən uzaq həyat tərzi sürdüklərinin isbatıdır. Bildirmək istəyirəm ki, bu, qətiyyən Xristian dini ilə, bizim müqəddəs kitabımız İncilin göstərişləri ilə uyğun deyildir. Rəbbimiz bizə daim sülh içində yaşayıb-yaşatmağı əmr etmişdir. Biz müstəqil Azərbaycanın tərkib hissəsi kimi quruculuq işlərində fəal iştirak edirik.

Ölkəmizdə hökm sürən tolerant mühitə və bizə göstərilən qayğıya görə Sizə icmamız adından təşəkkür edirik. Sizə Azərbaycanımızın yüksəlişi və inkişafı naminə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Rəbbimizin Zati-alinizə dəstək olması və xalqımıza xidmətinizdə daha böyük uğurlar qazanmağınız üçün dua edirik. Əminik ki, müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası və Azərbaycan xalqı sürətli inkişaf yolunda hələ neçə-neçə tarixi uğurlara imza atacaqdır.

Tanrı Sizi hifz etsin.

Dərin hörmət və ehtiramla,

İlya Zençenko

Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin Kilsəsi” dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.