Gürcüstanın Prezidenti Salome Zurabişvilidən
18 noyabr 2022, 11:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Gürcüstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etmək istərdim.
Ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlərinin çoxəsrlik tarixi vardır. Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrildi.
Ölkələrimiz müstəqil və azad dövlətlər kimi öz ilk addımlarını atdıqları 30 il əvvəldə olduğu kimi, bu gün də dünyada sülh və sabitlik qarşısında böyük təhdid və çağırışlar dayanır. Regionumuzun sabitliyi və təhlükəsizliyi bu qlobal çağırışların öhdəsindən gəlmək baxımından mühüm əhəmiyyət kəsb edir.
İnanıram ki, ortaq səylərimiz sayəsində bu çağırışları imkanlara çevirərək ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyik. Əminəm ki, Gürcüstan və Azərbaycan nəinki regionumuzda, həmçinin qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin, o cümlədən iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfə verəcəklər.
Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm.
Hörmətlə,
Salome Zurabişvili
Gürcüstanın Prezidenti