“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
12 noyabr 2022, 13:15
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2 (I kitab), maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287; 2019, № 1, maddələr 27, 48; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 897) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8-ci maddə üzrə:
1.1.1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.”;
1.1.2. aşağıdakı məzmunda 8.1-2-ci maddə əlavə edilsin:
“8.1-2. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır.”;
1.2. 9-cu maddə üzrə:
1.2.1. 9.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir.”;
1.2.2. 9.2-ci maddə ləğv edilsin;
1.2.3. 9.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“9.3. İcbari sığorta şəhadətnaməsinin məzmunu və forması Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda müəyyən edilir.”;
1.2.4. 9.6-cı maddədə “İcbari” sözü “Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari” sözləri ilə əvəz edilsin;
1.2.5. aşağıdakı məzmunda 9.7-ci maddə əlavə edilsin:
“9.7. Sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.”;
1.3. 13.4-cü maddədə “sığorta müqaviləsində” sözləri “icbari sığorta şəhadətnaməsində” sözləri ilə əvəz edilsin;
1.4. 22.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“22.1.2. bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi üzrə sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını ödənişsiz almaq;”;
1.5. 23.1.5-ci və 27.1.7-3-cü maddələr ləğv edilsin;
1.6. 34-1.1-ci maddəyə “sığorta hadisələri,” sözlərindən sonra “yol-nəqliyyat hadisəsi iştirakçılarının elektron formada tərtib etdiyi protokol (elektron formada tərtib edildiyi halda),” sözləri əlavə edilsin;
1.7. 34-2-ci maddə üzrə:
1.7.1. 34-2.0.4-cü maddəyə “əks olunan” sözlərindən sonra “, habelə avtomobil nəqliyyatı vasitələrindəki sərnişin yerlərinin sayı barədə” sözləri əlavə edilsin;
1.7.2. 34-2.0.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34-2.0.7–34-2.0.10-cu maddələr əlavə edilsin:
“34-2.0.7. bu Qanunun 34-2.0.4-cü maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatlar;
34-2.0.8. daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks olunan məlumatlar;
34-2.0.9. daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar;
34-2.0.10. sürücülük vəsiqəsində əks olunan məlumatlar.”;
1.8. 34-4-cü maddə üzrə:
1.8.1. 34-4.0.1-ci maddədə “və həmin müqavilələr üzrə” sözləri “, həmin müqavilələr üzrə bu Qanunun 58.2-1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron protokol və” sözləri ilə əvəz edilsin;
1.8.2. 34-4.0.2-ci maddədə “müqavilələri” sözü “müqavilələrinə, həmin müqavilələr üzrə bu Qanunun 58.2-1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron protokola” sözləri ilə əvəz edilsin;
1.9. 50-3-cü maddə ləğv edilsin;
1.10. 58-ci maddə üzrə:
1.10.1. 58.2-ci, 58.2.3-cü və 58.2.4-cü (hər iki halda) maddələrdə “hadisə” sözü “yol-nəqliyyat hadisəsi” sözləri ilə əvəz edilsin;
1.10.2. 58.2.1-ci maddədə “Hadisə” sözü “Yol-nəqliyyat hadisəsi” sözləri ilə əvəz edilsin;
1.10.3. 58.2.2-ci maddədə “hadisənin” sözü “yol-nəqliyyat hadisəsinin” sözləri ilə, “tərəflər” sözü “yol-nəqliyyat hadisəsi iştirakçıları” sözləri ilə əvəz edilsin;
1.10.4. aşağıdakı məzmunda 58.2-1-ci maddə əlavə edilsin:
“58.2-1. Bu Qanunun 58.2-ci maddəsi ilə müəyyən edilmiş protokol informasiya sistemi vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində tərtib oluna bilər.”;
1.11. 63-3.0.3-cü maddədə “etdirmək” sözü “etdirməklə sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun qüvvəyə minənədək kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsinə bərabər tutulur. Kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə sığortalıya dublikatın əvəzində elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsi təqdim edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2022-ci il