14 noyabr 2022, 12:30

Qorxmaz Əliyevdən, Abşeron, Azərbaycan

Hörmətli Prezident, yenilməz Ali Baş Komandan.

Müasir müstəqil Azərbaycanın banisi, memarı ulu öndər Heydər Əliyevin layiqli yetirməsi və onun milli dövlətçilik xəttinin uğurlu davamçısı kimi Sizin 44 günlük Vətən müharibəsində göstərdiyiniz heyrətamiz xidmətlər, xarici KİV-lərə verdiyiniz dünyaca məşhur müsahibələrdə düşmən dəyirmanına su tökmək istəyən şəbəkələrin hiylələrini ifşa etməyiniz və başqa nailiyyətləriniz çağdaş tariximizin qızıl hərflərlə yazılan qürurverici səhifələridir. Vətən müharibəsindəki möhtəşəm Qələbəmizi və dövlətimizin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərini, Qarabağın öz sahibinə həmişəlik qayıtması gerçəkliyini həzm edə bilməyən erməni millətçiləri və onların arxalarındakı məlum imperialist qüvvələrin bütün hərbi-siyasi oyunlarını boşa çıxaran əks hərbi-siyasi tədbirləriniz və uzaqgörən diplomatik gedişləriniz təqdirəlayiqdir.

Sizin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə qayğısı, dəstəyi, onlarla təsirli görüşləriniz vətənsevər soydaşlarımızın diqqətindən yayınmır və Azərbaycan cəmiyyətində milli birliyin daha da möhkəmlənməsi yolunda yeni bir mərhələ kimi qarşılanmaqdadır. Başqa sözlə, dünya tarixinin indiki çox ziddiyyətli və mürəkkəb dönəmində Sizin başçılığınızla dövlətimizin yürütdüyü uğurlu xarici və daxili siyasət kursunun alternativinin olmadığı indi hər kəs tərəfindən anlaşılmaqdadır.

Hörmətli İlham Heydər oğlu, yeni dünya düzəni kimi xarakterizə edilən indiki mərhələdə istər ölkə daxilində, istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də dünya siyasətinin bir sıra istiqamətləri yönündə ardıcıl olaraq yürütdüyünüz uğurlu siyasət və beynəlxalq diplomatik fəaliyyət dövlətimizin, millətimizin gələcək taleyindən əmin olmağa etibarlı bir zəmin yaratmaqla biz vətəndaşların üzərinə də daha böyük məsuliyyət yükü qoyur. Biz də bu anlamda öz məsuliyyətimizə diqqətlə yanaşaraq, milli dövlətimizin qorunması və gələcək inkişafı yolunda əlimizdən gələni etməklə bərabər, daim Sizin yanınızda olacağımızı bildiririk.

Hörmətlə,

Əliyev Qorxmaz Vahab oğlu

“Ahıl Ziyalılara Qayğı” İctimai Birliyinin Abşeron rayon Təşkilatının sədri

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.