İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
11 noyabr 2022, 17:10
Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək.
Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.