Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu


06 sentyabr 2012, 22:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilsin.
2. Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir:
2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə;
2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 3 il sonra.
3. Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
4. Məcəllənin qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 473; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 241; 2007, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2009, № 5, maddə 310, № 12, maddə 948; 2010, № 4, maddə 275) ləğv edilir.
5. Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.
6. Məcəllə qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər məqsəd və məzmun baxımından Məcəllənin V fəslinin müddəalarına
uyğunlaşdırılmalı, eləcə də Məcəllə ilə müəyyən edilmiş qaydada elan olunmalıdır. Mövcud ərazi planlaşdırılması sənədlərində dəyişikliklər Məcəllənin 32.1–32.3-cü, 34.1–34.3-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7. Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Bu cür ərazi planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.
8. Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır.
9. Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllə qüvvəyə minənədək tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat Məcəllənin 75-76-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10. Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur.
11. Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinin tikintisinə nəzarət Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
12. Məcəllə qüvvəyə minənədək ekspertizadan keçirilmiş, lakin icrasına başlanılmamış tikinti layihələrinə dair ekspert rəyləri tikintiyə icazənin qüvvədə olduğu müddətdə etibarlıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il.