Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında ƏSASNAMƏ
03 noyabr 2022, 13:13
Əlavə 2
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 18.2-ci maddəsinə əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanının (bundan sonra – mərkəzi idarəetmə orqanı) fəaliyyətinin əsaslarını müəyyən edir.
1.2. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin müvəqqəti xüsusi idarəetmə orqanı öz funksiyalarını lazımınca yerinə yetirə bilmədiyi halda Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanıdır.
1.3. Mərkəzi idarəetmə orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
1.4. Mərkəzi idarəetmə orqanının yaradılması ilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır. Həmçinin yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi də dayandırılır və onların funksiyaları mərkəzi idarəetmə orqanı tərəfindən həyata keçirilir.
1.5. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir.
1.6. Mərkəzi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
2. Mərkəzi idarəetmə orqanının fəaliyyət istiqamətləri
2.1. Mərkəzi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;
2.1.2. fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının funksiyalarını həyata keçirmək;
2.1.3. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətini təşkil etmək;
2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Mərkəzi idarəetmə orqanının vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, mərkəzi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;
3.1.2. fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;
3.1.3. fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vəzifələrini yerinə yetirmək;
3.1.4. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə rəhbərlik etmək, o cümlədən onun səlahiyyətlərinin həyata keçirilməsinə nəzarət etmək;
3.1.5. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;
3.1.6. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;
3.1.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;
3.1.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Mərkəzi idarəetmə orqanının hüquqları
4.1. Öz vəzifələrini yerinə yetirmək üçün mərkəzi idarəetmə orqanının aşağıdakı hüquqları vardır:
4.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar həyata keçiriləcək tədbirlərə və bu sahədə fəaliyyətin təşkilinə dair təkliflər hazırlamaq;
4.1.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq fövqəladə vəziyyət rejiminin təmin olunmasına dair icrası məcburi olan əmr və sərəncamlar vermək, vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlamaq;
4.1.3. fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının hüquqlarını həyata keçirmək;
4.1.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), bütün hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğular göndərmək, onlardan cavablar, habelə görülən işlər barədə arayışlar və məlumatlar almaq;
4.1.5. səlahiyyətinə aid məsələlərlə bağlı rəy və təkliflər vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
4.1.6. fövqəladə vəziyyətin tətbiqinə səbəb olan halların aradan qaldırılması üzrə fəaliyyətə dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini qanunla müəyyən edilmiş hədlər çərçivəsində cəlb etmək;
4.1.7. Qanunla müəyyən olunmuş tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi ilə bağlı təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;
4.1.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Mərkəzi idarəetmə orqanının fəaliyyətinin təşkili
5.1. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılır.
5.2. Mərkəzi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Mərkəzi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığı mərkəzi idarəetmə orqanının struktur tərkibinin bir hissəsi olur və həmin ərazinin komendantı vəzifəsinə görə mərkəzi idarəetmə orqanı rəhbərinin birinci müavini sayılır. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla mərkəzi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
5.4. Mərkəzi idarəetmə orqanının rəhbəri:
5.4.1. mərkəzi idarəetmə orqanının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. müavinləri arasında vəzifə bölgüsü aparır;
5.4.3. mərkəzi idarəetmə orqanının strukturunu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən edir;
5.4.4. bu Əsasnamənin 5.1-ci bəndində nəzərdə tutulan şəxslərin mərkəzi idarəetmə orqanının fəaliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görür;
5.4.5. mərkəzi idarəetmə orqanının strukturuna daxil olan bölmələrin iş bölgüsünü müəyyən edir;
5.4.6. mərkəzi idarəetmə orqanını təmsil edir;
5.4.7. Azərbaycan Respublikası Prezidentinin ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.
5.5. Mərkəzi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətləri nəzərə alınmaqla, müəyyən edilir. Mərkəzi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.
6. Yekun müddəalar
6.1. Mərkəzi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir.
6.2. Mərkəzi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar mərkəzi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.