“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
02 noyabr 2022, 15:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il avqustun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2022-ci il