Telman Əliyevdən, Ağdam, Azərbaycan
29 oktyabr 2022, 11:43
Möhtərəm cənab Prezident.
Azərbaycan tarixinin 1990-cı illərin əvvəlindəki dövrü qədər çətin, məşəqqətli dövrü yəqin ki, çox az olub. Çünki, bu dövr dövlətimizin ya var olmaq, ya da yox olmaq kimi çox çətin bir zamanı idi. Tanrı bizə ulu öndər Heydər Əliyev kimi qüdrətli bir tarixi şəxsiyyəti bəxş edərək, dövlətimizi bu sınaqdan xilas etdi. O dövrdə yalnız Heydər Əliyev kimi müdrik, qüdrətli lider bunu edə bilərdi və o, bu missiyanı uğurla həyata keçirərək xalqın xilaskarına çevrildi. Buna görə də, Azərbaycan xalqı var olduqca öz Ümummilli Liderini sonsuz hörmət və ehtiramla yad edəcəkdir.
Ulu Öndər siyasətinin davamçısı kimi, Sizin xüsusi bacarığınız, çox müdrik və prinsipial siyasətiniz, möhkəm iradəniz, baş verən prosesləri çox düzgün dəyərləndirməyiniz nəticəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü bərpa olundu. Uzun illər işğal altında olan torpaqlarımız azad edildi. Vətən müharibəsində Zəfər qazanmaqla Siz, Azərbaycan tarixində deyərdim ki, ən ali məqsədlərdən birinə nail oldunuz. Bu möhtəşəm nailiyyətlərə görə xalqımız Sizi əbədi Prezident görmək istəyir.
Çox təəssüf ki, bu uğurları gözü götürməyən bədxahlar da vardır. Uğurları görmək istəməyənlərə, görülən işlərə qara yaxmağa çalışanlara çox diqqət vermək əbəsdir. Əsas qazandığımız tarixi uğurlar, görülən işlərə xalqın qiymətidir.
Siz xalqımızın qəlbində Azərbaycanın Milli Qəhrəmanısınız.
Çox böyük hörmət və ehtiramla,
Əliyev Telman Əli oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Ballar kəndi.