İtaliya Respublikası Nazirlər Şurasının Sədri Zati-aliləri xanım Ciorcia Meloniyə
26 oktyabr 2022, 16:37
Hörmətli xanım Sədr,
İtaliya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir.
Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir.
Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda da səmərəli və məhsuldar birgə fəaliyyətimiz təqdirəlayiqdir.
İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İtaliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2022-ci il