Arzu Babayevadan, Tərtər, Azərbaycan
21 oktyabr 2022, 14:30
Möhtərəm cənab Prezident.
Mən şəhid Şikar Şikarov adına Tərtər şəhər 5 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Uzun illər idi ki, məktəbimiz bir mərtəbəli binada yerləşirdi, sinif otaqları, fənn kabinetləri çatışmırdı, çox çətinlik çəkirdik. 44 günlük Vətən müharibəsi zamanı məktəbimizə düşən mərmilər onu daha da pis vəziyyətə salmışdı.
Sizin təhsilə, təhsil işçilərinə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdiyiniz diqqət və qayğı, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi, məktəblərin əsaslı təmiri, bərpası təhsil sahəsində işlərin keyfiyyətini, dinamikliyini və səmərəliliyini artırır. Təhsilə yüksək qayğınız insan kapitalını formalaşdırır. Biz bu qayğını öz məktəbimizin timsalında daha aydın gördük. Sizin sərəncamınıza uyğun olaraq məktəbimiz üçün artıq 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Bu bizim pedaqoji kollektivi ürəkdən sevindirir.
Cənab Prezident, Azərbaycan təhsilinin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Babayeva Arzu Kamran qızı
Şəhid Şikar Şikarov adına Tərtər şəhər 5 saylı tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Tərtər şəhəri.