M.Mehtiyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Son illərdə ölkəmizdə təhsil sahəsinə dair Sizin təsdiq etdiyiniz müvafiq dövlət proqramları, həyata keçirdiyiniz islahatlar bu sahəyə və müəllimlərə göstərdiyiniz xüsusi diqqət və qayğının əsas göstəricisidir.
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyi Nizami rayon filialının üzvü, Qarabağ müharibəsi veteranı və II qrup əlil, Bakı şəhəri Nizami rayonu Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin müəllimi Qəhrəman Qasımova 2022-ci il 4 oktyabr tarixli Sərəncamınızla “Əməkdar müəllim’" fəxri adının verilməsi təşkilatımızın bütün üzvləri tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdir. Sizin Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət, qayğının əyani təzahürlərindən biri kimi Qəhrəman müəllimə verdiyiniz “Əməkdar müəllim” fəxri adı onun simasında ümumən Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibəyə qatılmış təşkilatımızın üzvü olan bütün döyüşçülərə verilmiş böyük dəyərdir. Rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünü qoruyan, Zəfər tarixini yazan qəhrəman döyüşçülərə və qazilərə verilən belə əvəzolunmaz qiymət bizə mənəvi güc verir, bizi daha da qürurlandırır və Sizin ətrafınızda yumruq kimi birləşdirir.
Qəhrəman müəllim Milli Ordu sıralarından ehtiyata buraxıldıqdan sonra ömrünün 28 ilini müqəddəs müəllimlik peşəsinə, övladlarımızın erkən yaşlarından milli vətənpərvərlik ruhunda böyüməsinə həsr etmiş, onların xalqımız, cəmiyyətimiz üçün ləyaqətli və cəsur yetişməsində bilik və bacarığını əsirgəməmişdir.
Səngərdə əsgər kimi silahı ilə, pedaqoji fəaliyyətində isə vətənpərvər müəllim kimi sözü iti və kəsərli olan Qəhrəman müəllimə verdiyiniz yüksək dəyərə görə Sizə çoxsaylı üzvlərimiz adından dərin təşəkkür və minnətdarlığımızı bildirir, bizə göstərilən böyük etimadı bundan sonra da doğruldacağımıza söz veririk.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
M.Mehtiyev
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon filialının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.