İlham Əliyev yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur
12 avqust 2010, 17:15
Prezident İlham Əliyev yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi, general–leytenant Elçin Quliyev dövlətimizin başçısına raport verdi.
DSX-nin rəisi sərhəd zastavası və buradakı sərhəd mühəndis-texniki qurğular barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verdi.
X X X
Sonra dövlət başçısı İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Yuxarı Zeyxur kənd orta məktəbində də oldu və burada kənd sakinləri ilə görüşdü.
Dövlət başçısı İlham ƏLİYEV dedi: - Gözəl məktəbdir, şəraiti də, səviyyəsi də yaxşıdır.
Kənd sakini dövlətimizin başçısına minnətdarlıq edərək dedi: - Uşaqlarımızın sevinci böyükdür. Bizim kənd rayon mərkəzindən uzaqdır. Çox razıyıq, təşəkkürümüzü bildiririk. Artıq dərəcədə təşəkkürümüzü bildiririk ki, biz bu günü gördük, balalarımız bu günü gördülər. Balalarımız bu cür məktəbdə oxuyurlar.
Prezident İlham ƏLİYEV: - Bilirsiniz ki, bu yol çox bərbad vəziyyətdə idi. Siz hələ nisbətən yaxında yaşayırsınız. Amma uzaqda yaşayanlar gör nə əziyyət çəkmişlər. İndi 23 kilometr yeni yol çəkilibdir.
Kənd sakini: - Mənim həyat yoldaşım 15 ildir o yuxarı kəndə səhər-axşam işə gedib gəlir, mühasib işləyir. Özüm də SDK-ya hər səhər-axşam gedəcəyəm bu yolla. Bir daha təşəkkürümüzü bildiririk.
Prezident İlham ƏLİYEV: - Mən sizin üçün işləyirəm, sizin üçün çalışıram. Sizin üçün hər şeyi edəcəyik.
Kənd sakini: - Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: - Bilirsiniz, indi rayon mərkəzi ilə də əlaqə rahat olubdur.
Kənd sakini: - İlham müəllim, Siz ulu öndərimizin yadigarısınız. Biz inanırdıq ki, belə olacaqdır. O inamı Siz doğrultmusunuz.
Prezident İlham ƏLİYEV: - Mən beşinci dəfədir ki, Qusara gəlirəm. Sonuncu dəfə gələndə söz vermişdim ki, sizin problemlərinizi həll edəcəyəm.
Kənd sakini: - Siz Azərbaycanı dünyaya tanıtmısınız. Cənab Prezident, nə qədər tez-tez gəlsəniz o qədər bizim işimiz yaxşı olar. Xahiş edirik tez-tez gəlin. Biz Sizin gəlişinizi səbirsizliklə gözləyirik.
Prezident İlham ƏLİYEV: - Məni növbəti görüş gözləyir, turizm mərkəzində olacağam. Orada da böyük tikinti işləri gedir. Qusarı turizm mərkəzinə çevirmək üçün bütün işlər görülür. Bir-iki ilə Qusarda dünya səviyyəli bir turizm mərkəzi olacaqdır.
Sakinlər: - Çox sağ olun, cənab Prezident. Allah köməyiniz olsun!