Laçınlı təhsil işçilərindən, Ağcabədi, Azərbaycan
23 sentyabr 2022, 17:32
Möhtərəm cənab Prezident.
Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, erməni işğalı altında olan son rayonumuz – Laçın 2020-ci il dekabrın 1-də əsl sahibinə qaytarıldı. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu, bir başa Sizin qətiyyətinizin, mübarizliyinizin və müzəffər Ordumuzun cəbhədə əldə etdiyi Qələbənin məntiqi nəticəsidir. Qürur hissi ilə qeyd edirik ki, 30 illik erməni işğalından azad olunan doğma Laçınımızda 2022-ci il sentyabrın 21-də qalib ölkənin sərkərdəsi kimi Sizin tərəfinizdən ucaldılan üçrəngli bayrağımız dalğalanır. Artıq 30 illik yurd həsrətinə son qoyularaq xalqımızın haqqı bərpa olundu.
Biz laçınlı təhsil işçiləri qəti surətdə əminik ki, Sizin rəhbərliyinizlə ölkəmizin bütün ərazilərində olduğu kimi, işğaldan azad olunmuş bütün torpaqlarımızda aparılan quruculuq və abadlıq işləri uğurla başa çatdırılacaq, köçkünlər ata-baba yurdlarına qayıdacaqlar.
Cənab Prezident, Sizin təhsilə olan diqqət və qayğınız işğaldan azad edilmiş ərazilərimizdə də davam etməkdədir. Bu baxımdan Laçın rayonunun Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi, həmçinin Zabux kənd orta məktəbinin və Laçın şəhər 2 nömrəli tam orta məktəbin bərpası və tikintisi üçün maliyyə vəsaitinin ayrılması barədə sərəncamlarınız biz təhsil işçilərini ürəkdən sevindirdi. Hər zaman ətrafınızda sıx birləşən laçınlı təhsil işçilərinə göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Yaşasın Azərbyacan!
Qarabağ Azərbaycandır!
Laçınlı təhsil işçiləri adından hörmətlə,
Həsənov Nicat Bayram oğlu
Mirzəyev Rəfail Ələsgər oğlu
Həsənov Qurban Səfər oğlu
Nağıyeva Xəyalə Rövşən qızı
Zamanova Məruva Şümşad qızı
İmranov Vəli Əli oğlu
Quliyeva Niyar Əliş qızı
Azərbaycan Respublikası, Ağcabədi rayonu.