Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında ƏSASNAMƏ
22 sentyabr 2022, 16:50
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 22 sentyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin (bundan sonra ─ Sistem) formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistem yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotunu, sistemləşdirilməsini və saxlanılmasını, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinə aid zəruri informasiya ilə təminatını, avtomatlaşdırılmış sənədləşmə, sorğu və təhlil işlərinin həyata keçirilməsini, hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir.
1.3. Sistemin informasiya ehtiyatlarının formalaşdırılması və onlardan istifadə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, “Yol hərəkəti haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunlarının, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının və digər normativ hüquqi aktların tələblərinə riayət olunmaqla həyata keçirilir.
1.4. Sistem Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra ─ Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.6. Sistemdə toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində effektiv tədbirlərin görülməsidir. Fərdi məlumatların Sistemdə toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.7. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına daxil olan vəsait və normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.8. Sistemdən istifadə ödənişsizdir.
1.9. Sistemin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Qaydalara uyğun olaraq həll edilir.
2. Əsas anlayışlar
2.0. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. istifadəçi ─ normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Sistemdən informasiya əldə etmək və ya istifadə etmək hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;
2.0.2. sahib ─ normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Sistem üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.0.3. operator ─ sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə Sistemin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi struktur qurum;
2.0.4. elektron kabinet – istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.
3. Sistemin fəaliyyət prinsipləri
3.0. Sistem Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
3.0.1. istifadə rahatlığı – Sistemdən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
3.0.2. fasiləsizlik – aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq Sistemin fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
3.0.3. funksionallıq və davamlı inkişaf – Sistemin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə Sistemin daim təkmilləşdirilməsi;
3.0.4. operativlik – məlumat mübadiləsinin və Sistemin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının sürətli şəkildə həyata keçirilməsi;
3.0.5. şəffaflıq – Sistemin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
4. Sistemin texniki-texnoloji infrastrukturu
4.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. proqram-texniki vasitələr və proqram təminatı, o cümlədən mobil tətbiq;
4.1.2. telekommunikasiya qurğuları və kanalları;
4.1.3. Sistemin əsas və ehtiyat mərkəzləri;
4.1.4. Sistemin informasiya ehtiyatı və onun idarəetmə paneli;
4.1.5. Sistemin test mühiti.
4.2. Proqram-texniki vasitələr və proqram təminatı Sistemin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin Sistemdən istifadəsini və məlumat mübadiləsini təmin edir.
4.3. Sistem fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və xətlərinə malikdir.
4.4. Ehtiyat mərkəz Sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə Sistemdə formalaşdırılan, Sistemə daxil edilən və göndərilən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.
4.5. Sistemdə formalaşdırılan, Sistemə daxil edilən və göndərilən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.
4.6. Sistemin idarəetmə paneli informasiya ehtiyatlarının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatlarından istifadəni təmin edir.
4.7. Sistemin mobil tətbiqi istifadəçilərin Sistemin fəaliyyətində iştirakını və Sistemdən istifadəsini təmin edir.
4.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
4.9. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə İnformasiya sisteminin istifadəçiləri İnformasiya sisteminə “Vahid Giriş Sistemi”ndən (“ASAN Login”) istifadə etməklə daxil olmalı, sistemdə identifikasiya olunmalı və eyniləşdirilməlidirlər.
4.10. Sistem üzrə məlumatların təhlükəsiz şəkildə daxil edilməsi, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalıdır. Sistem istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.
5. Sistemin strukturu
5.1. Sistem aşağıdakı altsistemlərdən ibarətdir:
5.1.1. idarəetmə və mühafizə altsistemi;
5.1.2. informasiya mübadiləsi altsistemi;
5.1.3. sorğu, təhlil, hesabat altsistemi;
5.1.4. proqnozlaşdırma və monitorinq altsistemi;
5.1.5. blanklar altsistemi;
5.1.6. audit altsistemi.
5.2. Sistemin istismarını təmin edən, o cümlədən digər informasiya sistemləri üzrə inteqrasiya və məlumat mübadiləsini həyata keçirən altsistemlər, aparatlar, proqramlar və digər texniki vasitələr Sistemin Mərkəzi Serverlər Kompleksini təşkil edir.
6. Sistemin funksiyaları
6.1. Sistem vasitəsilə aşağıdakılar həyata keçirilir:
6.1.1. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi;
6.1.2. Sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi;
6.1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasında istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.4. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.5. baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aid yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollar və həmin xətalar haqqında işlər üzrə qəbul edilən qərarlar, o cümlədən məhkəmə qərarları, onların icrası barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.6. balla qiymətləndirilən inzibati xətalara görə sürücülər barəsində təyin edilən cərimə balları, toplanmış ballar haqqında məlumatların Sistemə daxil edilməsi;
6.1.7. axtarışı və ya saxlanılması barədə qərar qəbul edilmiş nəqliyyat vasitələrinə dair məlumatların Sistemə daxil edilməsi;
6.1.8. mövcud olan dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.9. nəqliyyat vasitələrinin aqreqat (mühərrik, şassi, ban) nömrələri və rəngi barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.10. nəqliyyat vasitələrini idarəetmə hüququ olan şəxslərin belə hüququnun məhdudlaşdırılması və ya bu hüquqdan məhrum edilməsi barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.11. yol-nəqliyyat hadisələri, onların iştirakçısı olmuş nəqliyyat vasitələri, hadisə nəticəsində maddi zərər dəymiş nəqliyyat vasitələri (foto və video görüntüləri əlavə edilməklə) və xəsarət almış şəxslər barədə məlumatların Sistemə daxil edilməsi;
6.1.12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.5-ci, 127-1.4-cü və 127-1.6-cı maddələrində nəzərdə tutulmuş məlumatların Sistemə daxil edilməsi;
6.1.13. foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın əlavə edilmiş materiallarla birlikdə Sistem vasitəsilə kağız daşıyıcıda çap olunaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılması məqsədilə həmin sənədlərin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətə verilməsinin təmin edilməsi;
6.1.14. Sistem vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş məlumatların Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinə ötürülməsinin təmin edilməsi;
6.1.15. Sistem vasitəsilə nəqliyyat vasitəsinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, habelə həmin Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “ASAN ödəniş” sisteminə göndərilməsi;
6.1.16. Sistem vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanlarının verilməsi;
6.1.17. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonunun verilməsi;
6.1.18. Sistem vasitəsilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, elektron tərəzilərin və parkomatların göstəricilərinin ilkin mənbədən real vaxt rejimində əldə edilməsi, emalı, sənədləşdirilməsi və icraya yönəldilməsi;
6.1.19. Sistem vasitəsilə sorğu və təlim işlərinin mərkəzləşdirilmiş qaydada aparılması;
6.1.20. Sistem çərçivəsində verilən sənəd blanklarının və bu blankların hərəkətinin uçotu;
6.1.21. Sistemdaxili audit fəaliyyətinin aparılması;
6.1.22. müvafiq statistik məlumatların və hesabatların hazırlanması.
6.2. Operatorun əməkdaşları bu Əsasnamənin 6.1-ci bəndində qeyd edilən tədbirlərin görülməsi üçün gücləndirilmiş elektron imza vasitəsilə eyniləşdirildikdən sonra Sistemə daxil olurlar.
6.3. Sistemə daxil edilən məlumat və sənədlər, habelə Sistem vasitəsilə verilən məlumat və sənədlər operatorun əməkdaşlarının gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
6.4. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) Sistemdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
6.5. Sistemin fəaliyyətində iştirak edən və informasiya sistemlərinə və ehtiyatlarına malik olmayan dövlət orqanları (qurumları) tərəfindən Sistemdən məlumatın elektron qaydada əldə edilməsi gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet vasitəsilə həyata keçirilir.
7. Sistemə informasiya sistemlərinin inteqrasiyası və
məlumat mübadiləsinin təşkili
7.1. Sistemin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
7.2. Sistem ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatlar Sistemə elektron kabinet vasitəsilə daxil edilir.
7.3. Məlumat-axtarış işlərinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən aşağıda qeyd edilən məlumatlar Sistemə ötürülür:
7.3.1. Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş şəxsiyyət vəsiqələri barədə məlumatlar;
7.3.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmaq və ya yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi ilə bağlı məlumatlar;
7.3.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatlar;
7.3.4. axtarışda olan şəxslər barədə məlumatlar.
7.4. Əlaqəli fəaliyyət çərçivəsində Sistemə təqdim olunan məlumatlar aşağıdakılardır:
7.4.1. nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumat, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı, həmçinin sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdiyi şəxs barədə müvafiq məlumatlar;
7.4.2. gömrük rəsmiləşdirilməsindən keçərək ölkəyə gətirilmiş nəqliyyat vasitələri barədə məlumatlar;
7.4.3. baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) həvalə olunmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollar və həmin xətalar haqqında işlər üzrə qəbul edilən qərarlar, o cümlədən məhkəmə qərarları;
7.4.4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin həmin Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar;
7.4.5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.5-ci, 7.14-cü, 7.15-ci və 7.19-cu bəndlərində qeyd edilən məlumatlar;
7.4.6. foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1─57.5-ci maddələrində qeyd olunan qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar;
7.4.7. fərdi parklanma talonuna dair məlumatlar;
7.4.8. parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən ödəniş edilməsinin mümkünsüzlüyü barədə məlumatlar;
7.4.9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar üzrə icraatın aparılması qaydasını tənzimləyən 127-1.4-cü və 127-1.6-cı maddələrində qeyd olunan məlumatlar;
7.4.10. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər tərəfindən ödənilmiş cərimələrə dair məlumatlar;
7.4.11. hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçirilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi, avtomobil yollarının ayırma zolağında inşa edilən obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması üçün ödənilmiş dövlət rüsumları barədə məlumatlar;
7.4.12. məhkəmələr tərəfindən nəqliyyat vasitəsi üzərinə qoyulmuş qadağa və məhdudiyyətlər barədə məlumatlar;
7.4.13. yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və bu cinayətləri törətmiş şəxslər barədə çıxarılmış hökmlərlə bağlı məlumatlar;
7.4.14. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-4.0.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlar;
7.4.15. hüquqi şəxsin tam adı, VÖEN-i, hüquqi ünvanı, qanuni təmsilçisi barədə məlumatlar.
7.5. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr, elektron tərəzilər və parkomatlar Sistemə inteqrasiya olunur.
8. Sahibin funksiyaları
8.0. Sistemin fəaliyyətinin təmin edilməsi ilə bağlı sahib aşağıdakı funksiyaları həyata keçirir:
8.0.1. Sistemin idarə olunmasını təşkil etmək və Sistemin funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
8.0.2. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına, dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
8.0.3. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, bu sahədə müvafiq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;
8.0.4. Sistemə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, o cümlədən Sistemdə olan məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədilə istifadəyə, məlumatların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına nəzarət etmək, informasiya təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;
8.0.5. Sistemdə dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
8.0.6. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
8.0.7. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.0.8. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri sənədləri (məlumatları) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə sənədləri (məlumatları) almaq;
8.0.9. Sistemdən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq.
9. Operatorun funksiyaları
9.1. Operatorun Sistemin fəaliyyətinin təmin edilməsi ilə bağlı funksiyaları aşağıdakılardır:
9.1.1. bu Əsasnamənin 6.1-ci bəndində nəzərdə tutulan funksiyaların həyata keçirilməsini təmin etmək;
9.1.2. Sistemdən sərbəst və maneəsiz istifadəni, Sistemin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, bu məqsədlə Sistemin proqram kompleksinə texniki nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışlar təşkil etmək, Sistemdən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmək;
9.1.3. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;
9.1.4. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını təmin etmək, o cümlədən Sistemdə olan məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədilə istifadə etmək, məlumatların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyinin təmini edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak etmək;
9.1.5. Sistemin komponentlərinin, proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək;
9.1.6. Sistemin təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda Sistemin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;
9.1.7. sahibin təklifləri əsasında Sistemdə dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;
9.1.8. sahibin müraciəti əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
9.1.9. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası, arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək.
9.2. Operator aşağıdakı hallarda Sistemin işçi yerlərinin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul edir:
9.2.1. Sistemin infrastruktur komponentlərinə və informasiya təhlükəsizliyinə təhdidlər yarandıqda;
9.2.2. Sistemin infrastrukturuna dair texniki məsələlərin həlli zamanı zərurət yarandıqda;
9.2.3. Sistemə qeyri-qanuni daxilolma, istifadə və ya müdaxilə baş verdiyi hallarda.
10. İstifadəçilərin hüquqları və vəzifələri
10.1. İstifadəçilər Sistemin fəaliyyətinin təmin edilməsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirirlər:
10.1.1. konfidensiallığın, o cümlədən fərdi məlumatların qorunmasını, Sistemə daxil edilən sənədlərin (məlumatların) aktuallığını, tamlığını, etibarlılığını, təhrifolunmazlığını təmin etmək;
10.1.2. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
10.1.3. operatorun sorğularını normativ hüquqi aktların tələblərinə uyğun olaraq cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri sənədləri (məlumatları) ona təqdim etmək.
10.2. İstifadəçilərin Sistemin fəaliyyətinin təmin edilməsi ilə bağlı aşağıdakı hüquqları vardır:
10.2.1. elektron xidmətlərdən Sistem vasitəsilə istifadə etmək;
10.2.2. Sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.