İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
19 sentyabr 2022, 15:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.
Səfir Tamaş Yojef Torma etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Macarıstan arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, ölkələrimizin iqtisadiyyat, ticarət, enerji və digər sahələrdə sıx əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olduğunu qeyd etdi və səfirə fəaliyyətində uğurlar arzuladı.
Tamaş Yojef Torma Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirdi ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirdi. Diplomat vurğuladı ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.
Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirməyəcəyini bildirdi.