Nizaməddin Şəmsizadə və başqalarından, Bakı, Azərbaycan
06 sentyabr 2012, 10:35
Möhtərəm Prezident!
Budapeşt şəhər məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmiş və səkkiz ildən artıq ciddi rejimli məhbus həyatı yaşayan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan doğma Vətənə ekstradisiya edilməsini və Sizin Sərəncamınızla əfv olunmasını minnətdarlıq duyğusu və razılıq hissi ilə qarşıladıq.
Avropa Konvensiyasına, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiyasına uyğun atılan bu humanist addım mahiyyət etibarilə vaxtında qəbul edilmiş cəsarətli və ədalətli qərardır. Son səkkiz ildə həbsxana həyatının məhdud imkanlarına, erməni lobbisinin qara piyarlarına baxmayaraq Ramil Səfərov qətiyyətli zabit, ləyaqətli və milli düşüncəli ziyalı olduğunu macar dilindən tərcümə etdiyi əsərlərlə təsdiqləmişdir. Onun orijinaldan doğma dilimizə çevirdiyi dünya şöhrətli yazıçılardan Maqda Sabonun “Qapı” romanı və Frens Molnarın “Pal küçəsinin oğlanları” povesti Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrinə sanballı töhfədir. R.S.Səfərovun tərcümə yaradıcılığına həssaslıqla yanaşan və onun Vətənə ekstradisiyasında humanistlik nümayiş etdirən Macarıstan dövlətinə və xalqına heç zaman unudulmayacaq təşəkkür borcumuzun olduğunu xüsusi vurğulayırıq.
Xocalı soyqırımını, Bağanis-Ayrım faciəsini törədən, on minlərlə vətəndaşımızı qəddarlıqla qətlə yetirən, torpaqlarımızı işğal edən, BMT-nin qərarlarına məhəl qoymayan Ermənistanın bu gün Avropa dəyərlərindən dəm vurması, qərb dövlətlərinə “təpki göstərməsi”, qisas, intiqam hissi ilə siyasi şoular nümayiş etdirməsi bu ölkənin yeni məkrli planlarından xəbər verir.
Cənab Prezident! Sizin Mübariz İbrahimov hadisəsinə, Ramil Səfərovun ekstradisiya və əfv məsələsinə tərəddüdsüz və birmənalı münasibətiniz milli dövlətçiliyimizə xidmətinizin bariz nümunəsidir. Milli mənafeyə xidmət edən müdrik siyasətinizi və səmərəli fəaliyyətinizi dəstəkləyir, xalqımızın birliyi, tərəqqisi yolunda gördüyünüz işlərdə uğurlar arzulayır və Sizə təşəkkürümüzü bildiririk.
Dərin hörmətlə,
Nizaməddin Şəmsizadə -professor, Dövlət Mükafatı laureatı
Məhərrəm Qasımlı – professor, Dövlət Mükafatı laureatı
Qəzənfər Paşayev – filologiya elmləri doktoru, professor
İslam Ağayev –filologiya elmləri doktoru, professor
Asif Rüstəmli –filologiya elmləri doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.