İradə Əhmədovadan, Zərdab, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
16 sentyabr 2022, 14:11
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Əvvəla, Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün kimi torpaqlarımızın işğaldan azad olunmasına görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin daxili və xarici siyasətinizin nəticəsi olaraq bu gün əminliklə demək olar ki, Azərbaycan regionda söz sahibidir. Təbii ki, müstəqillik illərindən bu günə kimi Azərbaycan konkret mövqe sərgiləyərək birmənalı şəkildə Qarabağın Azərbaycan torpağı olduğunu bildirmişdir.
Cənab Prezident, artıq Sizin də qeyd etdiyiniz kimi, Qarabağ məsələsi həllini tapmış və Ümummilli Liderin vəsiyyəti yerinə yetirilmişdir. Təbii ki, bütün bunlar xalqımızın gücünün, birliyinin simvoluna çevrilən Sizin “Dəmir yumruğunuzla” mümkün olmuşdur.
Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, biz məcburi köçkünlərə göstərilən dövlət qayğısı da alqışalayiqdir. Siz hər zaman bizim problemlərimizi dinləmiş, onların aradan qalxmasında yaxından kömək göstərmisiniz.
Cənab Prezident, məlumat üçün qeyd edim ki, uzun zamandır Zərdab rayonunun Bəyimli qəsəbəsində ailə üzvlərimlə birlikdə məskunlaşmışam. Rayonda yerləşən idarə və təşkilatlara etdiyim müraciətlər operativ araşdırılıb və yerindəcə həllini tapıb.
Bir müddət əvvəl Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət edərək maddi vəziyyətimin zəif olması ilə əlaqədar məşğulluq proqramına cəlb olunmağıma köməklik göstərilməsini xahiş etdim və qısa zaman ərzində təlimlərə cəlb olundum. Məşğulluq proqramına cəlb olunmağım dolanışıq səviyyəmin yüksəlməsinə səbəb olmuşdur. Bu da onu göstərir ki, dövlət proqramları hər biri vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir.
Ünvanlı sosial yardımın təyin olunması, müavinətlərin, təqaüdlərin vaxtında verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi Sizin vətəndaşlara olan diqqətinizin, qayğınızın əyani nümunəsidir.
Cənab Prezident, şəxsən öz adımdan və ailəm adından Sizə sonsuz minnətdarlığımı bildirir, ölkəmizin parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Tanrı Sizə yar olsun!
Hörmətlə,
Əhmədova İradə Məhərrəm qızı
Azərbaycan Respublikası, Zərdab rayonu, Bəyimli kəndi.