Əli Nəsirlidən, Gülüstan, Özbəkistan
06 sentyabr 2022, 13:42
Hörmətli cənab İlham Əliyev.
Əməyimə verilən yüksək qiymətə - Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğuma görə Sizə özümün və bütün ailəmin adından dərin minnətdarlığımı bildirirəm.
Mən bu mükafatı özbək və Azərbaycan xalqları arasında çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən bütün soydaşlarıma verilən qiymət hesab edirəm.
Bu yaxınlarda Özbəkistana səfərinizi böyük həyəcanla xatırlayıram. Daşkənddə Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin adına verilən küçənin və abidəsinin açılışı onun mübarək xatirəsinə yüksək ehtiramın təzahürü idi. Bu mərasimdə Sizin və möhtərəm Prezidentimiz Şavkat Mirziyoyevin qarşısında çıxışım, ürəkdən gələn səmimi sözləri söyləmək imkanı mənim üçün unudulmaz hadisə oldu.
Şübhəsiz ki, Sizin tarixi səfəriniz Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı oldu.
Görkəmli özbək şairi Qafur Qulam demişdir ki, xalqlar bir-birinin həm tələbəsi, həm müəllimidir.
Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Nizami Gəncəvi yaradıcılığının özbək ədəbiyyatına böyük təsiri olmuşdur. Tək özbəklərin deyil, bütün türk xalqlarının görkəmli yazıçısı, şair və mütəfəkkiri Əlişir Nəvai Nizami Gəncəvi ənənələrini davam etdirərək “Xəmsə” poemasını ilk dəfə türk dilində yazmışdır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuli Nəvaini öz müəllimi hesab edir, onun qəzəllərinə cavab olaraq şeirlər yazmışdır.
Daşkənd Milli Parkında Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış Yazıçılar Xiyabanında özbək şair və yazıçıları ilə yanaşı, Azərbaycan xalqının oğlu, istedadlı şair Maqsud Şeyxzadanın da abidəsi ucaldılıb. Özbək xalqı onu öz şairi kimi sevir və ehtiram bəsləyir. Özbəkistan vətəndaşı və əslən azərbaycanlı kimi mən hədsiz qürur duyuram ki, Maqsud Şeyxzada “Cəlaləddin Mengüberdi”, “Mirzə Uluqbəy” əsərləri ilə özbək ədəbiyyatının inkişafına layiqli töhfə verib.
Bu gün özbək oxucuları Hüseyn Cavid, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə, Xəlil Riz Ulutürk, Vaqif Səmədoğlu, Yusuf Səmədoğlu, Anarın yaradıcılığı ilə yaxşı tanışdırlar. Azərbaycanın tanınmış ədəbiyyatşünas alimləri Almaz Ülvi Binnətova və Ramiz Əsgər ölkə Prezidentinin sərəncamı ilə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif ediliblər. Özbək ədəbiyyatını tədqiqatçıları olan tanınmış alimlər Cənnət Nağıyev, Azad Əliyev, Firudin bəy Köçərlı, Tərlan Quliyev, Həmid Araslı, Akif Zeynaloğlu və onların davamçıları da iki xalq arasında dostluğun möhkəmlənməsinə öz töhfələrini veriblər.
Xoşbəxtəm ki, yaradıcılığımla mən də onların arasındayam. Özbəkistanda bir neçə şeir və nəsr toplularım, Bakıda isə Azərbaycan dilində əsərlərim çap olunub. Şeir və poemalarda, hekayə və povestlərimdə həmişə doğulduğum gözəl Azərbaycanı, məni doğma oğlum kimi böyüdən bərəkətli Özbəkistan torpağını tərənnüm edirəm.
Valideynlərim Şuşa şəhərindəndir. Mən öz tərcümeyi-halımda bu faktı fəxrlə qeyd edirəm, çünki mənim gözəl şəhərim Azərbaycanın milli mədəniyyətinin paytaxtıdır. Bu şəhər klassik muğam ifaçıları olan xanəndələrin vətənidir. Təsadüfi deyil ki, 2022-ci il Azərbaycanda Şuşa şəhəri ili elan edilib.
Sizin və Azərbaycan xalqının göstərdiyi şücaət və qətiyyət sayəsində Azərbaycana qovuşan Qarabağda və Şuşada tarixi ədalət bərpa olundu. Bu, mühüm tarixi hadisəyə çevrildi. Sizin Şuşa şəhərinə necə səfər etdiyinizə, Füzuli-Şuşa avtomobil yolunun, Füzuli hava limanının tikintisinin əsasını qoymağınıza televiziyada böyük həyəcanla izləyirdim. Uca Allah qardaş Azərbaycana belə xoşbəxt anları daha çox nəsib etsin.
Qoy Azərbaycan xalqı xoşbəxt olsun!
Hörmətli cənab Prezident, bir daha Sizə ürəkdən təşəkkür edir, Azərbaycan xalqının firavanlığı naminə nəcib və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Nəsirli Əli Heydər oğlu
Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair
Özbəkistan Respublikası, Gülüstan şəhəri.