Elşən Hüseynzadədən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 avqust 2022, 13:30
Əziz və sevimli Prezidentimiz.
Multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini real olaraq göstərir.
Doğma Vətənimiz bütün dünyaya sağlam cəmiyyət naminə yol və nümunə göstərir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və dini rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir ki, bunu hər bir kəs kimi biz konfessiya nümayəndələri də gündəlik həyatımızda hiss edirik.
Sizin rəhbərliyinizlə Vətən müharibəsindəki qələbəmiz və azad olunmuş torpaqlarımızdakı mədəni-dini irsimizin dirçəldilməsi istiqamətində atdığınız addımları yüksək qiymətləndirir, erməni vandalizminin qurbanı olmuş məbədlərimizin qısa zamanda bərpa olunub dindarların ixtiyarına veriləcəyinə əminliyimizi ifadə edirik.
“Həyatverici Lütf” xristian dini icmasının üzvləri də hər gün ölkəmizin rifahı üçün Tanrıya dualar edir. Biz inanırıq ki, Tanrı Azərbaycanı sevir.
Möhtərəm Prezidentimiz, Sizə ölkəmizin tərəqqisi naminə işlərinizdə yeni uğurlar arzulayır, Sizi dualarımızla, ürəyimizlə və tam qüvvəmizlə dəstəkləyirik. Biz Sizinləyik və Uca Tanrı bütün Azərbaycan xalqı ilədir. Uca Allah Sizi qorusun.
Böyük məhəbbət və ehtiramla,
Elşən Hüseynzadə
“Həyatverici Lütf” xristian dini icmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.