İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
18 avqust 2022, 11:25
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.
Səfir Zoe Daun Kolson-Sinkler etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini vurğuladı, əlaqələrin genişlənməsinin qarşılıqlı maraqlarımıza cavab verdiyini dedi. Azərbaycanla Yeni Zelandiyanın bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, siyasi sahədə yaxşı dialoqun mövcud olduğunu bildirən dövlətimizin başçısı, eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan ölkələrimizin imkanları barədə məlumatların çatdırılmasının, biznes dairələri arasında təmasların qurulmasının zəruri olduğunu bildirdi.
Xanım Zoe Daun Kolson-Sinkler ilk dəfə Bakıya səfər etdiyini bildirərək dedi ki, çox gözəl ölkə olan Azərbaycana gəlişindən məmnunluq hissi duyur. Səfir də öz növbəsində əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılmasının vacibliyini bildirdi. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu vurğulayan səfir beynəlxalq müstəvidə Azərbaycanın və Yeni Zelandiyanın əlaqələrin genişləndirilməsi işinə böyük önəm nümayiş etdirdiyini dedi.