Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
18 avqust 2022, 18:10
Hörmətli cənab Prezident.
Yetmiş beş illik yubileyimlə əlaqədar avqustun 12-də “Şərəf’ ordeni ilə təltif olunmağım haqqında Sərəncam imzaladınız. Bu böyük diqqət, yüksək etimad üçün Sizə şəxsən öz adımdan və ailəmizin adından təşəkkür edir, sənətimə verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm. Əlbəttə, bu, mənimlə bərabər, Azərbaycan teatr sənətinə göstərdiyiniz böyük qayğının bariz nümunəsidir.
Həyatımın bütün əlamətdar məqamlarında ulu öndərimiz Heydər Əliyevin, eləcə də Sizin diqqət və qayğınızla əhatə olunmuşam. Mən və həmkarlarım xoşbəxtik ki, Azərbaycan teatrının Sizin kimi böyük dostu, qayğıkeş hamisi var.
Möhtərəm cənab Prezident, Siz tarixi Qarabağ Zəfərini xalqımıza ərməğan etmiş Müzəffər Sərkərdəsiniz. Bu gün düşmən tapdağından azad olunmuş yurd yerlərində aparılan böyük quruculuq işlərini qürur və sevinc hissi ilə izləyir, doğma Vətənimizin işıqlı sabahını məhz Sizinlə birgə olmaqda görürük. Mən, doğmalarım və bütün teatr xadimləri bu müqəddəs işlərin uğurla başa çatdırılması istiqamətində fəaliyyətinizdə Ulu Tanrının daim Sizin yanınızda olmasını diləyirik.
Bu yüksək dövlət təltifi üçün Sizə bir daha minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, bütün işlərinizdə bol-bol uğurlar arzu edirəm.
Tanrı Sizi, əzizlərinizi və xalqımızı qorusun!
Dərin hörmət və ehtiram hissi ilə,
Azər Paşa Nemətov, Xalq artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.