13 avqust 2022, 15:08

Ceyhun Səmədovdan, Lənkəran, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Vətənimizin azadlığı uğrunda qazanılan Zəfər xalqımızın uzun illər səbirsizliklə gözlədiyi hadisə oldu. Biz hər zaman Sizin rəhbərliyinizlə Qələbə sevincini yaşayacağımıza inanırdıq.

Mənim oğlum Kamran Səmədov Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatıldı və kəşfiyyatçı kimi böyük şücaətlər göstərdi. 2020-ci il oktyabrın 31-də isə qəhrəmancasına şəhid oldu. Oğlum Sizin tərəfinizdən Cəbrayılın, Zəngilanın, Qubadlının alınmasına görə, həmçinin “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Siz şəhidlərimizin qanını yerdə qoymadınız. Şəhid ailələri, o cümlədən bizim ailəmiz də xüsusi qayğı ilə əhatə olunub. Mənzillə, özünüməşğulluq proqramı çərçivəsində mal-qara, dövlət tərəfindən ayrılan digər imtiyazlarla təmin olunmuşuq. Həyat yoldaşım da işlə təmin olunub. Şəhid oğlumun adına açılmış bulağın ətrafı abadlaşdırılıb.

Cənab Prezident, bütün bunlara görə Sizə şəhid atalarının adından minnətdarlığımı bildirirəm.

Şəhid ailələri hər zaman Sizi dəstəkləyir. Siz bizim yanımızda olduğunuz kimi, biz də Sizinləyik.

Hörmətlə,

Səmədov Ceyhun İnşallah oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.