İlham Əliyev Panamanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
06 avqust 2022, 10:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.
Səfir Mariela del Karmen Sagel Rosas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatında yaxşı əməkdaşlığın həyata keçirildiyini bildirdi, Azərbaycanın bu təşkilata sədrlik müddətinin uzadılmasının, o cümlədən COVID-19 ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslərin Panama tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində səylər göstərdiyini bildirərək, bununla bağlı artıq iki mühüm tədbirin - Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin çox uğurla keçirildiyini vurğuladı və bunun Hərəkatın fəaliyyətinə yeni dinamika verdiyini dedi, bu baxımdan təşkilata üzv dövlətlərin dəstəyinin rolunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması barədə üzv dövlətlər tərəfindən yekdil qərarın qəbul edilməsini ölkəmizə göstərilən böyük dəstəyin və hörmətin ifadəsi kimi dəyərləndirdi.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin və biznes dairələri arasında informasiya qıtlığının aradan qaldırılmasının zəruriliyini bildirdi, yeni təyin olunan səfirin iki ölkənin əlaqələrinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən xanım Mariela del Karmen Sagel Rosas qeyd etdi ki, Panama ərazisinin kiçik olmasına baxmayaraq, böyük iqtisadi-ticari imkanlara malikdir. Xanım Mariela del Karmen Sagel Rosas bu baxımdan ölkəsinin beynəlxalq hab olması imkanlarından istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırdı. Səfir, eyni zamanda, ölkələrimiz arasında ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrimizin genişlənəcəyinə ümidvar olduğunu bildirdi.