İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
12 avqust 2010, 17:34
Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır.
Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.
İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.
Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaqdır. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaqdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfərbərlik sahəsi haqqında məlumat verərək bildirdi ki, kompleksin inşasında çalışanlar üçün burada hər cür şərait yaradılmışdır. Burada, həmçinin texnika və tikinti materiallarının yerləşdiyi anbarlar da vardır.
Prezident İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayn və interyer elementləri, tikinti zamanı istifadə ediləcək materiallar barədə də ətraflı məlumat verildi.
Dövlət başçısı tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.