“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
16 iyul 2022, 18:03
Azərbaycan Respublikasının
2022-ci il 29 iyun tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.
Maddə 2. Təltif edən vəzifəli şəxs
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.