IX Qlobal Bakı Forumunun açılışında İlham Əliyevin nitqi
16 iyun 2022, 10:11
Çox sağ olun. Sabahınız xeyir, hörmətli dostlar, xanımlar və cənablar.
Hörmətli prezidentlər, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri.
Sizin hamınızı salamlayıram. Bu gün bizimlə olduğunuza görə sizə təşəkkürümü ifadə etmək istəyirəm. Bu gün IX Qlobal Bakı Forumunun açılışıdır və əminəm ki, müzakirələr həmişəki kimi çox məhsuldar olacaq. Çünki bizim böyük auditoriyamız var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Forumda iştirak edən qonaqlar əminəm ki, qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə verəcəklər.
Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. Biz İdarə Heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var.
Mən əminəm ki, bu gün Bakıda və bazar günü Şuşada müzakirə olunan məsələlər qərar qəbul edən şəxslər üçün vacib olacaq. Çünki bu gün heç vaxt olmadığı kimi, yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzin və Qlobal Forumun, - hesab edirəm ki, indi bu Forum beynəlxalq aparıcı forumlar sırasında yüksək yerdədir, - transformasiyasına verdikləri böyük töhfələr üçün təşəkkürümü bildirmək istəyirəm. Həmçinin İdarə Heyətinin bütün üzvlərinə bu transformasiyada fəal rol oynadıqlarına görə təşəkkürümü bildirmək istəyirəm.
Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.
Eyni zamanda, mən əminəm ki, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil.
Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər.
Keçən il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sessiyalardan birini Şuşada təşkil etmişdir. Mən buna görə Mərkəzə minnətdaram və bizim orada görüşmək imkanımız oldu. Mən qonaqlarımız üçün sanki bir bələdçi olaraq onlara vəziyyəti göstərirdim. Buna görə mən bizim müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarımızı ifadə etmək istəyirəm. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır.
Biz, həmçinin sərhədimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdük. Çünki sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutmuşdur. Hər iki tərəfin sərhəddə görüşməsi də rəmzi xarakter daşıyırdı. Bu, həmçinin bu məsələdə irəliləyişin olacağına dair mühüm mesaj idi. Əlbəttə ki, biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb. Eyni zamanda, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublar.
Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.
Diqqətinizi cəlb etmək istədiyim digər bir məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. Mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşümüzün nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək. Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.
Sizin bilməyinizi istədiyim digər bir məsələ ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrlə bağlıdır. Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkədə hər hansı fərziyyə Azərbaycanda ancaq qıcıq doğurur. Biz münaqişəni həll etdik, Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb və artıq biz Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmalıyıq. Hesab edirəm ki, hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik. Daha sonra Qafqaza sülh gələcək. Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib. Biz bu məsələ ilə bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir – Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir. Bunun səbəbini bilmirəm və buna qaneedici izahat tapa bilmirəm. Bildiyimə görə buna bənzər təşəbbüslər bəzi Avropa təsisatları tərəfindən də irəli sürülüb. Lakin yenə də imtina edilib. Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər? Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin də mövqeyi aydındır ki, biz dialoq və təmaslara start verməliyik. Ancaq, əlbəttə ki, Ermənistansız bu, mümkün olmayacaq. Xüsusilə, cari vəziyyəti nəzərə aldıqda, regional əhəmiyyətli məsələlərin müzakirəsinə ehtiyac var - ətraf mühitin qorunması, Azərbaycan ərazisində təbiətin ciddi çirklənməsinə səbəb olan transsərhəd çaylar, nəqliyyat sahəsində əməkdaşlıq, tranzitlə bağlı yeni imkanlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin yekunlaşdırılmasına yaxındır. Yeni marşrutlar və enerji təhlükəsizliyi də bu sıradadır. Hesab edirəm ki, işə başlamağın vaxtıdır. Biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi.
Enerji təhlükəsizliyi ilə bağlı bir neçə kəlmə demək istərdim. Çünki bu da qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək addımlarımızı müzakirə etdik. Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var.
Biz dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə bu məsələni ətraflı müzakirə etdik. Biz artıq bu işlərə başlamışıq. Biz bu səyləri davam etdirməyi planlaşdırırıq və bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. Bu, yalnız başlanğıcdır. Potensial daha böyükdür. Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır.
Sizin çox vaxtınızı almaq istəmirəm. Çıxışımı burada yekunlaşdırıram. Sizə bir daha xoş gəlmisiniz deyirəm. Bizimlə bir yerdə olduğunuza görə sağ olun. Forumun işinə uğurlar arzulayıram və əminəm ki, bu, həmişəki kimi belə də olacaqdır.