08 iyun 2022, 12:13

Nurlan Nəzərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Gözəl yurdumuz Qarabağımız düşmən tapdağı altında olanda sıravi vətəndaş kimi Sizin əmrinizlə müqəddəs torpağımızı azad etməyə yollandım. İgid Vətən oğulları ilə birlikdə 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdik. Döyüşlərdə sağlamlığımın müəyyən hissəsini itirdim, 3-cü dərəcəli əlil oldum. Amma bu yaşımda, Sizin komandanlığınızla Vətənim üçün vuruşduğuma görə fəxr edirəm. Təki Vətən sağ olsun.

Sizin Sərəncamınızla “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Sizin göstərişlərinizə uyğun olaraq dövlət qurumları daim bizim problemlərimizlə maraqlanıb, diqqət və qayğı göstəriblər. Müharibədən qayıtdıqdan sonra məni narahat edən ən böyük qayğılarımdan biri mənzil ilə bağlı problem idi. Çünki ailəmin şəxsi mənzili yox idi, kirayədə yaşayırdıq. Hamımız üçün müqəddəs olan Ramazan bayramı günlərində, Sabunçu rayonunda Zabrat-Pirşağı yolunun 3-cü kilometirliyində yerləşən, Sizin açılışını etdiyiniz gözəl yaşayış kompleksində yeni təmirli mənzillə təmin olundum.

Cənab Prezident, mənə və ailəmə belə gözəl hədiyyə etdiyiniz üçün Sizə nə qədər təşəkkür etsək azdır.

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nəzərov Nurlan Rauf oğlu,

3-cü dərəcəli Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.