Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
24 may 2022, 15:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2022-ci il