20 may 2022, 13:10

Valeh Salehov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə təhsilin inkişafı ilə əlaqədar verdiyiniz sərəncamların və təhsil işçilərinə göstərdiyiniz qayğının nəticəsidir ki, Azərbaycan təhsili dünyanın inkişaf etmiş ölkələrinin təhsilinə inteqrasiya etmiş, bu sahədə yüksək nəticələr əldə olunmuşdur. Hər il yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, həmçinin yüksək səviyyədə təmiri nəticəsində minlərlə təhsil işçisinin iş və əmək şəraiti yaxşılaşmışdır.

2022-ci il 16 may tarixli Sərəncamınızla yeni quraşdırılacaq modul tipli məktəblərin siyahısında İsmayıllı rayonunun Zərnava və Çəmənli kənd məktəblərinin adlarının yer alması biz təhsil işçilərinin və rayon ictimaiyyətinin ürəyincə olmuşdur. İqlim və coğrafi relyef şəraitinə görə çətin mövqedə yerləşən həmin kəndlərdə yeni məktəb binasına ciddi ehtiyac var idi.

Möhtərəm Prezident, bu sevinci bizə bəxş etdiyiniz üçün İsmayıllı rayon ictimaiyyəti və təhsil işçiləri adından Sizə səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ölkəmizin inkişafı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə daim uğurlar arzulayırıq.

Hörmətlə,

Salehov Valeh, Rayon Ağsaqqallar Şurasının sədri

Kərimov Hafiz, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri

Rəsulov Şəfaqət, Əməkdar müəllim

Abbasov Şahsuvar, Əməkdar müəllim.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.