20 may 2022, 16:20

Elçin Cavadov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Sizin uğurlu daxili və xarici siyasətiniz, xalqımızın igid övladlarının şücaəti nəticəsində doğma Qarabağımız və onun tacı hesab olunan Şuşa xalqımıza qayıtdı. Bu gün biz görürük ki, Şuşa şəhəri sürətlə dirçələrək əvvəlki mədəni həyatına qovuşmaq üzrədir. Sizin müvafiq sərəncamlarınızla Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi doğma yurdumuzun dirçəlişi və gələcək inkişafı üçün geniş üfüqlər açır. Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir.

Bu il Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı, hər bir azərbaycanlı üçün müqəddəs torpaq sayılan Şuşada böyük təntənə ilə keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalına qatılmaq üçün bizə imkan yaratdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, doğma torpaqlarımız Sizin rəhbərliyiniz altında qəhrəman əsgərlərimiz, müzəffər Ordumuz tərəfindən azad olundu. Torpaqlarımızın azad olunması uğrunda mübarizədə şəhidlər də verdik. Sizin göstərişinizlə respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərilir. Şəhid ailələrinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Bu qüruru, bu sevinci bizə yaşatdığınız üçün başda Zati-aliniz olmaqla, bütün qəhrəman əsgərlərimizə, müzəffər Ordumuza təşəkkür edirik.

Hörmətlə,

Cavadov Elçin Məhəmməd oğlu, Gəncə Dövlət Universitetinin kafedra müdiri

Apoyev Bayram Fəti oğlu, Gəncə Dövlət Universitetinin dosenti

Bayramov Azad Mustafa oğlu, ADAU-nun kafedra müdiri, professor

Azərbaycan Respublikası, Gəncə şəhəri.