19 may 2022, 12:56

Anar Şuşalıdan, Abşeron, Azərbaycan

Möhtərəm Prezident.

Mən bir şuşalı olaraq, illər boyu erməni işğalı altında inləyən, hər an öz nicatını gözləyən, Qarabağın zümrüd tacı, qədim elm, mədəniyyət, ədəbiyyat mərkəzi, görkəmli şəxsiyyətlərin vətəni sayılan doğma Şuşamızı Ali Baş Komandanlığınız altında şanlı Ordumuzun gücü ilə işğaldan azad etdiyiniz üçün Sizə şəxsən öz adımdan, eləcə də ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

44 günlük Zəfər döyüşləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməyiniz xalqımızın qürurunu dirçəltdi, ona yeni ruh və özünəinam hissi bəxş etdi.

Sizin Şuşa şəhərinə göstərdiyiniz yüksək qayğı və diqqət, Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməyiniz, ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi və şəhərin 270 illik yubileyinin qeyd olunacağı barədə Sərəncamınız, "Xarıbülbül" beynəlxalq musiqi festivalının, Vaqif poeziya günlərinin, Kulinariya festivalının keçirilməsi, Şuşa şəhərinin dünya şöhrətli nümunəvi şəhərə çevrilməsi üçün Sizin nəzarətiniz altında görülən irimiqyaslı tikinti-quruculuq işləri xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Sizin bir daha Şuşada olmağınız, yeni obyektlərin istifadəyə verilməsi, tarixi və memarlıq abidələrinin bərpası işlərinin gedişatı ilə tanış olmağınız, dəyərli məsləhət və tövsiyyələr verməyiniz mədəniyyət işçilərinə, eyni zamanda, mənə yeni yaradıcılıq əzmi və həvəsi verir.

Möhtərəm Prezident, vokal ifaçılığı sahəsindəki uğurlarıma yüksək qiymət verərək, 2008-ci ildə məni “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq gördüyünüzə, 2020-ci ildə "Tərəqqi" medalı ilə təltif etdiyinizə, səmərəli səhnə fəaliyyətimə görə bu il də məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan mədəniyyətinin keşiyində yorulmadan, inamla duracağıma söz verirəm. Sizə çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynli Anar Vaqif oğlu (Anar Şuşalı),

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.