Telman Həsənovdan, Sumqayıt, Azərbaycan
Cənab Prezident.
Bu məktubu ulu öndərimiz Heydər Əliyevin doğum günü ərəfəsində yazıram. Allah Ulu Öndərimizə rəhmət eləsin. Onu Allah bizə bir xilaskar olaraq göndərmişdi. 1993-cü ildə o, Azərbaycana gəlməsəydi, rəhbərlik etməsəydi Azərbaycan indiki kimi olmazdı. O, həyatını Azərbaycanın çiçəklənməsinə sərf etmişdir.
Hörmətli Ali Baş Komandan, biz tənha insanlar hər zaman sizin qayğınızı hiss etmişik və görmüşük. Sizin son illərdə yaratdığınız Sosial Xidmətlər Agentliyinin xidmətindən istifadə edirəm və çox məmnunam.
Dünyanı bürüyən COVID-19 xəstəliyindən Sizin sayənizdə üzü ağ çıxdıq. Biz yaşlılara göstərdiyiniz diqqət xəstəliklə bağlı mübarizədə də özünü göstərdi. Əvvəlcə bizi vaksin elətdirdiniz. Həmin vaxtlarda bizi Heydər Əliyev Fondu da unutmadı. Belə ki, bizə ərzaq yardımı göndərdi. Yeri gəlmişkən Fondun prezidenti Mehriban xanım Əliyevaya da öz təşəkkürümü bildirirəm.
Cənab Prezident, Siz hər il olduğu kimi, bu il də bizim sosial rifahımızın yaxşılaşması üçün pensiyamızı artırdınız.
Yekunda onu demək istərdim ki, biz tək-tənha yaşayan insanlar Sizin həm daxili, həm də xarici siyasətinizi hər zaman dəstəkləmişik və dəstəkləyəcəyik. Əslinə qalsa, Sizə deyiləsi çox xoş sözlərim vardır. Onların hamısını yazıb bir məktubla Sizə çatdıra bilmirəm.
Çox yaşayasınız, bizim əbədi Prezidentimiz!
Hörmətlə,
Həsənov Telman
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.