14 may 2022, 12:00

Azər Abdullazadədən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, Tərtər rayonunun Suqovuşan qəsəbəsində keçirilən avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq yarışda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstandan olan 100-dən artıq idmançı iştirak etdi. Belə bir mötəbər idman yarışının məhz işğaldan azad edilmiş Suqovuşan su anbarında təşkil olunması bir daha xalqımızın dədə-baba torpaqlarına sahib çıxdığını bütün dünyaya nümayiş etdirdi. Biz öz Vətənimizdə, öz torpaqlarımızdayıq və bu torpaqlarımızda Sizin rəhbərliyinizlə hər şeyə qadirik.

Mən Vətən müharibəsi iştirakçısıyam. Torpaqlarımızın necə qarış-qarış alınmasının, şəhidlərimizin qanı bahasına Vətənə çevrilməsinin şahidiyəm.

Bu gün Suqovuşan su anbarında belə bir yarışın keçirilməsi məni ürəkdən sevindirir, qürurlandırır. Mən həmin yarışa tribunadan böyük həvəslə tamaşa edirdim. Yarış boyu qulaqlarımda həzin bir nəğmə səslənirdi: Bura Vətəndir balam, gülü bitəndir balam, əlim çatandır, ünüm yetəndir! Bura Vətəndir!

Cənab Ali Baş Komandan, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya, həmçinin mənim, Suqovuşanda keçirilən beynəlxalq yarışda tamaşaçı qismində iştirakımın təmin olunmasına görə Sizə minnətdaram.

Sizinlə fəxr edirik.

Hörmətlə,

Abdullazadə Azər Rizvan oğlu, Vətən Müharibəsi Qəhrəmanı, müharibə əlili.

Azərbaycan Respublikası, Tərtər rayonu, Cəmilli kəndi.