İlham Əliyev paytaxtın Xətai rayonunda əsaslı surətdə yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olmuşdur
10 avqust 2010, 14:02
Prezident İlham Əliyev Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olmuşdur.
Dövlət başçısının park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan və Xətai rayonunun bu ərazisinə xüsusi yaraşıq verən park sakinlərin sevimli istirahət guşələrindən biridir.
Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılmışdır. Burada 5 min müxtəlif ağac və gül kolları əkilmiş, əyləncə qurğuları, kölgəliklər quraşdırılmış, uşaq oyun kompleksləri düzəldilmişdir. Parkda müxtəlif formalı 70-ə qədər oturacaq, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılmışdır. Parkdaxili piyada yolları salınmış, transformator məntəqəsi tikilmiş, su quyusu qazılmış, ərazidə suvarma sistemi quraşdırılmış, su anbarı inşa edilmişdir.
Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılmış, fasadlar rənglənmişdir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.