İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər
10 may 2022, 18:15
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, bu tibb müəssisəsində əsasən üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.
Məlumat verildi ki, müalicə ocağı maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqla təmin olunacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək.
Qeyd edək ki, gələcəkdə Füzuli rayonunda digər səhiyyə müəssisələrinin də tikintisi nəzərdə tutulub. Belə ki, rayonda Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası (hər növbədə 4 briqada olmaqla), Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası da inşa ediləcək.
Bu ilin fevralında Ağdamda, indi isə Füzuli rayonunda ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə tibbi xidmətlərin təşkili işləri sürətlə həyata keçirilir. Fizuli Rayon Mərkəzi Xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində mühüm infrastruktur layihələrindən biridir. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Son illərdə ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edir. Yeni tibb müəssisələrinin ən son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. İstər infrastruktur, istər tibbi sığorta sisteminin tətbiqi, istərsə də digər inzibati tədbirlər həm də sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatlarının uğurla və məqsədyönlü şəkildə davam etdirildiyini təsdiqləyir.