Zəfər Qurultayının Kanadadan olan azərbaycanlı iştirakçıları adından, Kanada
07 may 2022, 15:00
Möhtərəm cənab Prezident.
Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində təşkili ilə bağlı verdiyiniz qərara və göstərdiyiniz diqqətə görə Zəfər Qurultayının Kanadadan olan azərbaycanlı iştirakçıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Qurultayın 30 illik düşmən tapdağından azad edilmiş Qarabağımızda, Şuşada keçirilməsi ilə biz bir daha bütün dünyaya göstərdik ki, bu torpaqlar Azərbaycanın əzəli torpağıdır, ayrılmaz hissəsidir. Bu torpağın övladları onu öz qanı bahasına hər zaman qoruyublar və bayrağını uca tutmağa daim hazırdırlar.
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu torpaqlarda erməni vandalizmi törədilib. Biz Zəfər yolu boyunca bunun şahidi olduq. Sizin apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan işğal altındakı ərazilərini qısa müddətdə azad etdi və hazırda aparılan bərpa prosesində görülən işlər bizi çox sevindirir. Biz - xaricdə yaşayan azərbaycanlılar da öz imkanlarımızla Vətən torpaqlarının bərpa işlərinə öz töhfələrimizi verməyə hazırıq. Qurultay zamanı aparılan müzakirələrdə də bu məsələlərlə bağlı fikirlərimizi bölüşdük və bu istiqamətdə səylə çalışacağıq.
Kanadada yaşayan, ürəyi Vətən eşqi ilə döyünən azərbaycanlılar olaraq bizi bu tarixi hadisənin iştirakçısı olmaq şərəfinə layiq gördüyünüz üçün Sizə bir daha dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı və dövlətimiz naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.
Zəfər Qurultayında iştirak etmiş, Kanadada yaşayan azərbaycanlıların nümayəndə heyətinin üzvləri adından dərin hörmətlə,
Məsud Əliyev
Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri
Arşi Qızılbaş
Qızılbaş Qlobal İrs Şurasının regional rəhbəri
Yeganə Cəfərova
Toronto şəhərindəki Azərbaycan dili sinfinin rəhbəri və baş müəllimi
Rəna Kohnavard
Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri
Vüsalə Əhmədova
Ottava şəhərindəki “Qarabağ” Azərbaycan dili məktəbinin təsisçisi
Lalin Həsənova
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri.