Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab İmran Xana
22 mart 2022, 13:12
Hörmətli cənab Baş nazir,
23 mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək istəyirəm.
Vətən müharibəsi dövründə Pakistanın sərgilədiyi prinsipial mövqeyi, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir. Biz işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərini də görmək istərdik.
Bu gün iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələrdə Azərbaycan-Pakistan əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2022-ci il.