İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib
25 yanvar 2022, 12:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.
Dövlətimizin başçısına minnətdarlığını bildirən Fatma Səttarova dedi: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız.
Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.
Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.
Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm.
Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun.
Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir.
Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum.
Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq.
Fatma Səttarova: Bəli, ancaq.
Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi.
Fatma Səttarova: Şükür, çox şükür.
X X X
Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim etdi və ona möhkəm cansağlığı arzuladı.