11 yanvar 2022, 11:44

Vasif Alıyevdən, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin doğma Azərbaycana rəhbərliyiniz dövründə görülən işlər, əldə olunan uğurlu nəticələr əhali tərəfindən alqışlarla qarşılanır, el-oba içində hər zaman təqdir edilir. Hazırda bu quruculuq işlərinin işğaldan azad edilmiş ərazilərdə də sürətlə aparıldığının şahidiyik. Doğma Qarabağımızın və düşmən tapdağından xilas olunmuş digər yerlərin tezliklə yaşayış üçün hazır vəziyyətə gətirilərək sakinlərin ixtiyarına veriləcəyinə əminik.     

Son illər ərzində respublikamızda həyata keçirilən abadlıq-quruculuq işləri Cəlilabad rayonunu da əhatə edir. Yollar abadlaşır, asfaltlanır, sosial obyektlər təmir olunur, insanları narahat edən problemlər aradan qaldırılır. Bir sözlə, ölkəmizin hər bir guşəsində olduğu kimi, Cəlilabadda da həyat qaynayır.

Şəhid ailələrinə və müharibə əlillərinə, onların müraciətlərinə həssaslıqla yanaşılır, bu kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət göstərilir.

Cənab Prezident, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm. Həyatınız daim firavan olsun, qüssə-kədər görməyəsiniz. 

Hörmətlə,

Alıyev Vasif.

Azərbaycan Respublikası, Cəlilabad şəhəri