07 yanvar 2022, 18:55

Mir Şahin Ağayevdən, Bakı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Bu məktubu Sizə böyük minnətdarlıq hissi ilə yazırıq. Özəl ümumölkə teleradio yayımçılarına dəstək verilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılması barədə Sərəncamınıza görə Sizə hədsiz təşəkkürümüzü bildiririk. Bu vəsait ölkənin özəl teleradio təsərrüfatında yaranan böhranın aradan qalxmasında həlledici rol oynayacaq. Çünki bu vəsaitlə təmsil etdiyimiz kanalların yayıma görə borcları ödənir. Pandemiya şəraitində xüsusilə kəskinləşən reklam böhranından irəli gələn çətinliklər bizi çıxılmaz dalana dirəmişdi. İndi artıq rahat nəfəs ala, daha uğurlu gələcək fəaliyyət haqqında ümidlə düşünə bilərik.

Hörmətli cənab Prezident, yaxşı dərk edirik ki, bu gün Böyük Qayıdış proqramı bütün Azərbaycanın əsas hədəfidir və bu nəhəng ümummilli layihə külli miqdarda vəsait tələb edir. Belə bir vaxtda bizi düşünməyiniz bizi həm mütəəssir etdi, həm də bundan sonra daha böyük əzmkarlığa ruhlandırdı. Çalışacağıq ki, apardığınız siyasətlə ayaqlaşaq və dövlətimizə, xalqımıza etibarınızca xidmət edək!

Qoy Allah Sizi, dövlətimizi və xalqımızı qorusun.

Hörmətlə,

Ağayev Mir Şahin, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi.