08 yanvar 2022, 15:30

Arzu Bayramovadan, Bakı, Azərbaycan

 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

2022-ci ili "Şuşa İli" elan etməyiniz məni çox sevindirdi. Şuşa bizim cənnət diyarımızdır. Mənim atam 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada şəhid olub.

Cənab Prezident, Sizin imzaladığınız bu Sərəncamı eşidəndə noyabrın 8-də Şuşa qələbəmiz zamanı keçirdiyim hissi yaşadım. Biz çox gözəl xalqıq, şərəflə tarix yazan xalqıq. Ulu Öndərimiz demişkən, mən fəxr edirəm ki, azərbaycanlıyam! Mən fəxr edirəm ki, mənim yenilməz Ordum var, mənim güclü Prezidentim var. Şuşanı mən görməmişəm, hər zaman danışıqlardan, şəkillərdən, videolardan görmüşəm. Mənim atamın məzarı yoxdur. Ermənilər onun idarə etdiyi tanka atəş açdığından, o, tankda yanıb. Şuşa ilə birgə atamın da ruhu illərlə əsir idi. Şuşa qələbəmizlə həm də atamın əsir ruhu azaddır. Nəinki atamın, bütün şəhidlərimizin...

Hər zaman inanırdım ki, xalq olaraq biz bu anları yaşayacağıq. Çünki, biz müdrik, dahi Heydər Əliyevin yolu ilə gedən xalqıq. Bu cür uğurlu siyasi yolu keçən Azərbaycanın bir gün Qarabağına qovuşacağını bilirdim.

Möhtərəm Prezident, bu ili “Şuşa İli” elan etdiyiniz üçün Sizə minnətdaram. Yaxşı ki, bizim Prezidentimiz Sizsiniz. Mən Sizinlə fəxr edirəm. Şadam ki, belə mükəmməl, şanlı tarixi yaşayan gəncəm. Sizə Azərbaycanımız üçün gördüyünüz işlərdə uğurlar və cansağlığı arzulayıram.

Hörmətlə,

Bayramova Arzu Ramiz qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.