10 yanvar 2022, 16:40

Qoçu Bayramovdan, İmişli, Azərbaycan

 Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin ötən ilin dekabr ayında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindəki çıxışınızı, həmçinin orada keçirdiyiniz səmərəli görüşləri ailə üzvlərimlə birlikdə izlədik, çox sevindik və şad olduq. Bu görüşlərin müsbət nəticələri barədə xəbərlər eşidirik.

Cənab Prezident, Sizin Qarabağa və işğaldan azad edilmiş digər ərazilərə səfərlərinizi də daim izləyirik. Hər dəfə yeni-yeni obyektlərin açılışını edirsiniz. Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəriniz zamanı, yeni inşa edilən və komando qüvvələrinin yerləşdiyi hərbi hissənin açılışını etməyiniz çox xoşumuza gəldi. Hərbçilərimizin çıxışları bizə həm sevinc, həm də ruh verdi.

Əziz Prezidentimiz, fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi arzulayıram.

Hörmətlə,

Bayramov Qoçu Qanı oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, İmişli şəhəri.