Azərbaycan Prezidentinin və NATO-nun baş katibinin mətbuat üçün bəyanatları
14 dekabr 2021, 19:00
Moderator: Hər vaxtınız xeyir. Biz Baş katibin və Prezidentin bəyanatlarından başlayacağıq və sonra bir neçə sual üçün vaxtımız olacaq. Cənab Baş-katib.
Baş katib Yens Stoltenberq: Prezident Əliyev, NATO-nun mənzil-qərargahına bir daha xoş gəlmisiniz. Sizi bir daha görmək xoşdur. Siz əslində yeni binada ikinci dəfə olursunuz. Keçən dəfə ikitərəfli görüşümüz köhnə binada keçirilmişdir. Bizim çox konstruktiv müzakirəmiz oldu və Siz indi bütün 30 müttəfiqin iştırakı ilə Şimali Atlantika Şurasının iclasında iştirak edəcəksiniz.
Bu, NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO müttəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.
Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik.
Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərargahına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Bir daha xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun, cənab Baş katib. Əvvəlcə dəvətiniz üçün təşəkkür edirəm. NATO-nun mənzil-qərargahını bir daha ziyarət etmək mənim üçün böyük şərəfdir. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə etdik. Lakin mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir. Qətiyyətli Dəstək Missiyasına verdiyimiz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm.
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbiçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nin hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırki və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir.
Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.
Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki, enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik. Bir daha dəvətə görə təşəkkür edirəm.
Moderator: Mən for Europe-in sual vermək istədiyini görürəm.
Riko Just for Europe təşkilatından. Mənim hər ikinizə sualım var. Cənab Əliyevlə başlayıram. Cənab Əliyev, Siz Ermənistanla əlaqələri qeyd etdiniz. Məsələlərdən biri Zəngəzur dəhlizidir. Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir? Bir də soruşa bilərəmmi, bu gün Siz cənab Paşinyan və cənab Mişellə görüşəcək, onlarla nahar edəcəksiniz. Siz bağlılığa dair müəyyən bəyannamə imzalamalısınız. Bu, konkret olaraq nə deməkdir? Siz Ermənistanla hansı cür bağlılıq məsələlərinin ola biləcəyini qeyd edə bilərsinizmi?
Cənab Stoltenberqə sualım. Bu gün Rusiya rəsmisi raketlərə, yaxınmənzilli raketlərə moratorium barədə danışıb. Siz bunu bir növ sülh mesajı kimi görürsünüz, yoxsa düşünürsünüz ki, Rusiyanın çıxdığı saziş orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə geri qayıtmaq yaxşı olardı? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik.
Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.
Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki, Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.
Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik. Cənab Paşinyan və cənab Mişel ilə keçiriləcək görüş bir çox məsələlərə aydınlıq gətirəcəkdir.
Baş katib Yens Stoltenberq: Raketlər məsələsinə gəldikdə uzun illər ərzində ortamənzilli raketlərə dair qadağa qüvvədə idi. Bu, Avropada bu tip raketləri qadağan edən və 1987-ci ildə imzalanan İNF müqaviləsi idi. Artıq bu müqavilə mövcud deyil, çünki Rusiya uzun illər ərzində Avropa ərazisində nüvə başlığı daşımaq imkanına malik ortamənzilli raketlər yerləşdirib. Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən irəli sürülən təklif etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin qadağanı pozdular. Rusiya təsdiq oluna biləcək qaydada “SSC8” tipli raketlərini məhv etməyənə qədər, hansı ki, həmin tip raketlər İNF müqaviləsini pozmuş oldu, onların artıq yerləşdirdiyi raketlərə dair moratorium təklifinə etibar oluna bilməz.
NATO Rusiyanın hərəkətləri ilə bağlı qarşılıqlı addımlar atmaq niyyətində deyil. Bizim nüvə başlığı daşımaq imkanına malik raketləri Avropada yerləşdirmək fikrimiz yoxdur. Biz Rusiya ilə dialoqu qurmağa hazırıq və hesab edirik ki, silahlanma yarışının qarşısını almaq üçün silahlara nəzarətə ehtiyac var. Burada moratoriumdan söhbət gedə bilməz, çünki Rusiya sübut etməlidir ki, Avropada ortamənzilli raketləri qadağan edən müqaviləni qüvvədən salan silahlar məhv edilib.
Moderator: Sonuncu sualımıza vaxt var.
Mənim adım Vuqar Seyidovdur və Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) təmsil edirəm. Mənim sualım cənab Stoltenberqədir. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan qalib ölkə kimi dəfələrlə Ermənistana ölkələrin ərazi bütövlüyü və suverenliyini tanımaq şərtilə sülh sazişi üzərində işləməyi təklif edib. Əfsuslar olsun ki, Ermənistan bu günə qədər bundan boyun qaçırır. Nəzərə alsaq ki, NATO ilə Ermənistan arasında əlaqələr inkişaf edir, NATO Ermənistanı Azərbaycanla sülh sazişi bağlamağa inandırmaq işində nə kimi rol oynaya bilər? Sağ olun.
Baş katib Yens Stoltenberq: İlk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırlması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırlmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir.
NATO tərəf tutmur, çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır, Ermənistan da bizim dəyərli tərəfdaşımızdır. Beləliklə, biz diplomatik səyləri, üçtərəfli səyləri dəstəkləyirik və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini də güclü şəkildə dəstəkləyirik.