İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olmuşdur
31 iyul 2012, 15:40
Prezident İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırmışdır.
Prezident İlham Əliyevə bildirildi ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunmuşdur. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulmuşdur.
Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilmişdir. Parkda gənclər və rayon sakinləri üstüörtülü 22 istirahət guşəsindən istifadə edə biləcəklər. Burada möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulmuşdur.
Gənclər Parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmışdır. Gənclər burada bilyard, tennis, şahmat, dama və digər oyunlar oynaya biləcəklər.
Bildirildi ki, yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanmış, minədək yeni dekorativ ağaclar və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Sonra dövlətimizin başçısı Bayraq Meydanı ilə tanış oldu.
Diqqətə çatdırıldı ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır.
Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.