İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir
31 iyul 2012, 13:20
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 31-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış oldu.
Azərbaycan Prezidentinə Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verildi.
Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxdı. Bildirildi ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirdi.