Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuzdan


24 dekabr 2021, 11:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Altmış - yubiley yaşınız tamam olur. On səkkiz ildir Azərbaycan Respublikasına prezidentlik edirsiniz. Bu illərə qayıdıb yenidən baxıram. Azərbaycanın ağrılı-acılı, məğlub günlərini xatırlayıram. Müharibənin labüdlüyünün və ideyasının müzakirəsini beynəlxalq dairələr qətiyyən yaxın buraxmırdılar. Ancaq Siz bütün bunlara sinə gərərək Ali Baş Komandan kimi 44 gün davam edən müharibəni Zəfərlə başa çatdırdınız. Azərbaycanın suveren hüquqlarını bərpa etdiniz. Müharibə illərində, ondan əvvəl və sonra Sizə olan təhdidlərin və təzyiqlərin canlı şahidləriyik. Biz Sizinlə bir yerdə canlı tarix yaşadıq və bizə qalib ruhunu aşıladınız. Azərbaycan tarixinə və xalqına yeni bir formula gətirdiniz: Qalib Xalq-Qalib Ordu-Qalib Ali Baş Komandan. Ancaq bütün bunların önündə Siz durdunuz. Əgər müharibə əzminiz, qətiyyətiniz olmasaydı, bəlkə də bu müharibə heç başlamazdı, yenə də xeyir-şərdə, künc-bucaqda Vətən və onun dilbər guşəsi Qarabağ haqqında danışacaq, şeirlər, hekayələr, romanlar yazacaq, mahnılar bəstələyəcəkdik. Xalq, xüsusən də gənclər müharibəyə hazır idi və Siz daxili və xarici şəraiti nəzərə alaraq bu nəbzi tutdunuz. Nadir Şahdan sonra Azərbaycan tarixində görünməmiş bir hadisə baş verdi. Sizin komandanlığınız altında tariximizdə görünməmiş bir hadisə baş verdi. Nəinki torpaqlarımız, hətta ruhumuz bütövləşdi və bu gün də davam edir.
Qələbə üçün uzun bir yol gəldiniz, hələ mən demirəm ki, 2003-ci ildən bəri nə qədər çevrilişlərə cəhd olunub, xüsusilə də Qarabağı güzəşt edəcək kimsəni xarici qüvvələr və donorlar hakimiyyətə gətirmək istəyiblər, ölkəiçi qarışıqlıq salmaq üçün cəhd ediblər ki, müharibə əhval-ruhiyyəsi yaddan çıxsın, başımız yalnız özümüzə qarışsın. Həm daxildən, həm də xaricdən suyu bulandırıb məqsədlərinə çatmaq istəyən qüvvələr çox olub. Amma arzuları gözlərində qaldı. Sizin siyasi iradəniz, qətiyyətiniz Azərbaycanda Suriya, İraq, Liviya variantlarını sıfıra endirdi və xalqın döyüşkən, passionar enerjisini torpaqlarımızın azad edilməsi istiqamətinə yönəltdiniz.
Cənab Prezident, bu gün Siz yaxın hədəfinizə nail olmusunuz. Sırada orta və uzaq hədəflər durur. İnşallah, Azərbaycan xalqının dəstəyi ilə bu hədəfləri də həyata keçirəcəksiniz. Əminəm ki, bu hədəflər gələcəkdə Azərbaycan xalqının uzunmüddətli strategiyasına çevriləcək.
Sizə xoşbəxtlik arzulayıram. Düşünürəm ki, Siz Azərbaycan xalqının xoş və firavan yaşaması üçün bundan sonra da gücünüzü əsirgəməyəcək, xalqımızı dünyanın indiki siyasi və iqtisadi burulğanından çıxarıb onu düzgün istiqamətə yönəldəcəksiniz.
Hörmətlə,
Yunuz Oğuz
Milli Vəhdət Partiyasının sədri