Vəhdət Partiyasının sədri Tahir Kərimlidən
24 dekabr 2021, 11:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan tarixinə şanlı səhifə yazan çox hörmətli Prezidentimiz.
Sizi Vəhdət Partiyasının adından və öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uğurlar diləyirəm.
Siz dövlət quruculuğunda və milli taleyimizin həllində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun məharətli davamçısı oldunuz. Hakimiyyətiniz dövründə iqtisadiyyatımız daha da möhkəmləndi, hərbi qüdrətimiz artdı, beynəlxalq nüfuzumuz yüksəldi, ölkədə geniş quruculuq işləri görüldü, müxalifət partiyalarının nümayəndələri parlament rəhbərliyində təmsil olundular.
Sizin rəhbərliyiniz altında Prezident-Ordu-Xalq birliyi yarandı. Məhz Ali Baş Komandan kimi məharətli rəhbərliyiniz və diplomatik qabiliyyətiniz sayəsində dövlətimiz 44 gün ərzində zalım düşmən üzərində parlaq Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu və müvəffəqiyyətli dinc quruculuq işlərinə başlanıldı.
Siz təkcə Azərbaycanın deyil, bütün Türk-İslam dünyasının başını uca etdiniz. Mehriban xanımla birlikdə xalqımıza, şəhid və qazi ailələrinə böyük himayədarlıq etdiniz.
Cənab Prezident, Sizin müvəffəqiyyətlərinizi saymaqla qurtaran deyil. İcazə verin, bildirim ki, Vəhdət Partiyası Sizin daxili və xarici siyasətdə strateji xəttinizi daim birmənalı şəkildə dəstəkləyəcəkdir.
Sizi yubileyiniz münasibətilə bir daha təbrik etməkdən şərəf duyduğumuzu bildirir, ən xoş arzularımızı çatdırıram.
Hörmətlə,
Tahir Kərimli
Vəhdət Partiyasının sədri,
Milli Məclisin deputatı.