Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludan
24 dekabr 2021, 10:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham bəy,
Sizi 60 illik yubileyiniz münasibətilə partiyamızın üzv və tərəfdarları, o cümlədən şəxsim adından səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və uzun ömür arzu edirəm.
Qarabağın işğaldan azad olunması ilə bağlı apardığımız 44 günlük müharibədə Sizin bir dövlət başçısı, Ali Baş Komandan kimi göstərdiyiniz şəxsi qətiyyətin, dözümün və diplomatik nailiyyətin əldə etdiyimiz Qələbə üçün müstəsna əhəmiyyətini bir daha qeyd edirəm. Dövlət suverenliyimizin və müstəqilliyimizin möhkəmlənməsi istiqamətində atdığınız addımları təqdir edir, bu siyasətin ardıcıl və daha qətiyyətlə davam etdirilməsini arzu edirəm.
Sizin Türkiyə və Pakistanla ikitərəfli müttəfiqlik, Türk Dövlətləri Təşkilatının yaradılması və NATO ilə etibarlı sıx əməkdaşlıq siyasətinizin dövlətimizin və millətimizin maraqlarına uyğun olduğunu qeyd edirəm və bu siyasətin davam etdirilməsində Azərbaycan Demokrat Partiyasının ideoloji-siyasi dəstəyinə arxayın ola bilərsiniz.
Ölkədə insan hüquq və azadlıqlarının qorunması, məmur özbaşınalığının, işsizlik və yoxsulluğun aradan qaldırılması istiqamətində problemlərin həlində daha qətiyyətli addımlar atmağınızı arzu edir və Sizə bu istiqamətdə də hər cür dəstək verməyə hazır olduğumuzu bildirirəm.
Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edirəm.
Xalqımıza rifah, dövlətimizə əmin-amanlıq arzusu ilə,
Sərdar Cəlaloğlu,
Azərbaycan Demokrat Partiyasının sədri