Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən
24 dekabr 2021, 10:53
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident, qalib ordunun müzəffər Ali Baş Komandanı.
Altmış illik yubileyiniz münasibətilə şəxsim və Müasir Müsavat Partiyası adından Sizə bol-bol uğurlar və ən əsası möhkəm cansağlığı arzu edirəm.
Yubileyinizi atanızın da arzusu olan Şuşanın azad olunması ilə birlikdə qeyd etməyiniz bir başqa hissdir. Mən əminəm ki, bu gün Ümummilli Liderin ruhu şaddır. Mənim yadımdadır ki, Ulu Öndərlə söhbətlərimiz zamanı o, Ali Baş Komandan olaraq xüsusilə Şuşanı azad etmək istəyirdi. Atanızın arzusunu Siz yerinə yetirdiniz.
Türkiyə dövlətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birlikdə 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızı qarış-qarış gəzməyiniz bütün dünyaya əbədi qardaşlığımızın böyük nümunəsi oldu.
Azadlıq meydanında iki qardaş dövlətin ordusunun birlikdə addımlaması xalq olaraq bizi çox sevindirdi. Bu, Sizin apardığınız uğurlu siyasətin təsdiqidir.
Siyasətçi kimi bu reallıqları səmimi şəkildə Sizə etiraf etməyim məni azərbaycanlı olaraq qürurlandırır.
Vətən müharibəsində əldə etdiyiniz möhtəşəm Qələbədən sonra xalqın sizə olan etimadı daha da artdı. Mən bir daha əmin oldum ki, Sizin siyasi kursunuzu dəstəkləməkdə yanılmamışam. Öz növbəmdə, siyasətçi olaraq Sizin uğurlarınıza daxilimizdən kölgə salanlara qarşı hər zaman mübarizə aparmışam. Əmin olun ki, bundan sonra da partiyamız bu yolu davam etdirəcəkdir.
Müasir Müsavat partiyası olaraq Sizi bir daha təbrik edirik, uğurlarınız bol və daimi olsun!
Hörmətlə,
Hafiz Hacıyev
Müasir Müsavat Partiyasının sədri